Bakı. Trend:
1966-1974-cü illərdə Fransız Polineziyasında – Mururoa və Fanqatataufa atollarında keçirilən 46-sı yerüstü 147-sı isə yeraltı, cəmi 193 nüvə sınaqları 100 mindən çox insanın sağlamlığına bərpa olunmayan zərər vurmuşdur ki, bu isə həmin dövrdəki Taiti adasının əsas şəhəri olan Papeetenin 80 (səksən) min əhalisini əhatə edib.
Trend-in məlumatına görə, bunu bu gün deputat Nizami Səfərov Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransa hökuməti yalnız 2010-cu ildə Nüvə sınaqlarının qurbanlarına kompensasiyalar üzrə komissiyanı yaradıb və 2022-ci ilədək 454 yerli sakinə bu cür kompensasiya verilərək, onlardan yalnız 63 polineziyalı olub.
“2016-cı ilin fevral ayında o dövrdə prezident olmuş və Polineziyaya səfər edən Fransua Oland demişdir ki, Polineziyasız Fransa nüvə silahı əldə edə bilməzdi. Bu “nailiyyətin” acı nəticələri Poliziya xalqına çox baha başa gəlmişdir.
Nüvə sınaqlarının 25 illiyi tarixində 2021-ci ilin iyul ayında prezident Makron Fransız Polineziyasına dörd günlük səfəri zamanı ölkəsinin “Polineziya sakinləri qarşısında borcundan” bəhs edərək, rəsmi formada üzr istəməmişdir. Belə bir satisfaksiya, yəni Fransız Polineziyası xalqına və ekoloji sisteminə ağır zəzər vurulmasına görə mahiyyətcə simvolik məna daşıyan rəsmi qaydada təəssüf bildirməsi və üzr istənilməsi beynəlxalq hüquqda restitusiya və kompensasiya ilə yanaşı qəbul edilmiş bir formadır. Digər tərəfdən əgər uzun illər Fransız Polineziyasında baş verənlərə görə Fransa bütün məsuliyyəti öz üzərinə alsaydı bununla siyasi mövqeyini ortaya qoya bilərdi, ancaq bu baş vermədi”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycanın Fransız Polineziyasına dair mövqeyi tamamilə beynəlxalq hüquq bünövrəsinə əsaslanır.
“Bunu təsdiq etmək üçün universal beynəlxalq təşkilat olan BMT-nin hüquqi aktlarına müraciət etmək kifayətdir. Məsələn, Baş Assamleyanın “Fransız Polineziyasının öz müqəddəratını təyin etməsi” adlanan 2013-cü il 17 may tarixli qətnaməsində BMT Nizamnaməsinin XI-ci fəslinə uyğun olaraq Fransa Polineziya xalqının ayrılmaz müstəqillik hüququ təsdiq edilmişdir. Həmçinin qətnamədə Fransa Hökumətinə aidiyyəti idarə edən dövlət qismində, öz müqəddəratını təyinetmənin ədalətli və səmərəli prosesində surətli tərəqqinin əldə edilməsi məqsədi ilə Fransız Polineziyası ilə dialoqu intensivləşdirmək çağrısı edilmişdir. BMT Baş Assambleyasının 2018, 2019, 2022 illərdə qəbul etdiyi bir sıra sənədlərində də Polineziya xalqının müstəqillik əldə olunması məsələsi öz əksini tapıb”, - deyə deputat əlavə edib.