Bakı. Trend:
COP29-un prezidentliyə namizədi Muxtar Babayev və COP29-un gənclər üzrə iqlim çempionu Leyla Həsənova BMT-nin İqlim Dəyişikliyi üzrə 19-cu Gənclər Konfransının (COY19) bağlanış mərasimində iştirak ediblər. COP29 Rəyasət Heyətinin üzvləri iqlim dəyişikliyi prosesində gənclərin fəal iştirakının vacibliyini vurğulayıblar.
Trend-in məlumatına görə, 2024-cü ilin 7-9 noyabr tarixlərində keçirilən COY19 konfransı iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin səsini gücləndirmək məqsədilə Bakıda 400 gənc nümayəndəni bir araya gətirib. COP29 Rəyasət Heyətinin dəstəyi ilə, UNFCCC-nin rəsmi gənclər qruplaşması YOUNGO və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (NAMYO) birgə təşkil etdiyi COY19, gənclərin iqlim hərəkatına töhfəsini artırmaq üçün mühüm platforma təqdim edib.
Bağlanış mərasimində COP29 Prezidentliyinə iqlim dəyişikliyi mövzusunda qlobal gənclərin fikirlərini özündə birləşdirən Qlobal Gənclik Bəyanatı təqdim olunub.