Bakı. Trend:
COP29-un təşkili heyranedicidir.
Trend xəbər verir ki, bu barədə Braziliyanın yerli əhalinin işləri üzrə naziri Sonia Quajajara jurnalistlərə məlumat verib.
"Biz COP29-da öz torpaqlarımızın qorunmasını təmin etmək, yerli ərazilərin demarkasiyasını sürətləndirmək və həmçinin, 2025-ci ildə Braziliyada keçiriləcək COP30-a hazırlıq görmək məqsədilə iştirak edirik. Artıq meşə yanğınları, qanunsuz mədən çıxarılması, meşələrin məhv edilməsi və yerli xalqların torpaqlarının zəbt edilməsi kimi problemlərlə üzləşirik, amma bizə əlavə dəstək lazımdır. Biz öz torpaqlarımızı qoruya bilən qanunların tətbiqini fəal şəkildə təbliğ edirik", - Quajajara vurğulayıb.
Nazir həmçinin, bu ilki konfransın təşkilatından razı qaldığını qeyd edib.
"COP29-un təşkili bizdə xoş təəssürat yaradıb. Biz tədbirlərin gedişatını diqqətlə izləyirik ki, 2025-ci ildə Braziliyada keçiriləcək COP30-u layiqincə keçirə bilək", — əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.