...

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələrinin iştirakı ilə Nazirlər görüşü keçirilib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 13:37 (UTC +04:00)
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələrinin iştirakı ilə Nazirlər görüşü keçirilib (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşü, idarəetmə komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov çıxışında “yaşıl enerji dəhlizi”nin Azərbaycanın COP təşəbbüslərindən biri olduğunu vurğulayaraq layihə üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb.

Nazir deyib ki, texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələri layihə üçün potensial biznes modelləri ilə bağlı müzakirələrə başlamağı, tələb və təkliflə bağlı aydın və uzunmüddətli planları zəruri edir.

Eyni zamanda nazir layihənin fiber-optik komponenti üzrə tezliklə ekspert qrupunun görüşünün keçirilməsini təklif edib.

İclasda çıxış edən Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, "Yaşıl" dəhlizə Mərkəzi Asiya ölkələrinin cəlb edilməsi vacibdir.

"Bu, Gürcüstan üçün çox əhəmiyyətli və arzulanan bir məqsəddir. Düşünürəm ki, bu layihəyə qoşula biləcək ölkələrin sayını genişləndirə bilərik.

Ölkələr və bölgələr arasında qlobal tendensiyalar və interkonnektorların inkişafı ilə qlobal əlaqədən danışırıq. Təbii ki, müxtəlif regionlarla enerji mübadiləsi layihədə iştirak edən hər bir ölkənin enerji sektorunun rəqabət qabiliyyətini artıracaq," - deyə L.Davitaşvili vurğulayıb.

O bildirib ki, Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinə daxil edilməsi ideyasını dəstəkləyir.

"Məlumatların ötürülməsi Gürcüstan üçün prioritet olaraq qalır. Biz rəqəmsal transformasiyaya fəal şəkildə sərmayə qoyuruq və məlumatların bu layihəyə daxil edilməsini tam dəstəkləyirik. Biz Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirmək üçün müxtəlif variantlara baxmalıyıq, çünki məlumat mübadiləsinə tələbat artır, imkanlar mövcuddur və sentyabr görüşümüzdə qeyd etdiyim kimi, mən Nazirlikdə mövcud olan məlumatları bölüşməkdən məmnun olaram. Bu, şübhəsiz ki, texniki-iqtisadi əsaslandırmanın tamamlanması və layihənin icra mərhələsinə keçid prosesini sürətləndirəcək", - o qeyd edib.

Əlavə olaraq Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edərək qeyd edib ki, Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir.

"Birgə müəssisənin yaradılması yekun mərhələdədir. Bildiyimə görə, nizamnamə üzrə müzakirələr demək olar ki, tamamlanıb. Son töhfələr əldə edildikdən sonra sənədləri ticarət reyestrinə təqdim edə biləcəyik. Rumıniyada Rəqabət Şurası ilə geniş məsləhətləşmələr aparmışıq, çünki qanunvericiliyə əsasən, onlar Aİ-dən kənar xarici investisiyaları yoxlamalıdırlar. Hazırda irəliləmək üçün hüquqi icazəmiz var – bu mərhələni uğurla keçmişik. İndi, nizamnamə üzərində iş tamamlandıqdan sonra elektrik ötürmə operatorumuz hər tərəfin təqdim etməli olduğu sənədlərin siyahısını göndərəcək. Bu sənədlər, məsələn, biznesin qeydiyyatı, maliyyə təsdiqi və digər məlumatları əhatə edir", - o əlavə edib.

Daha sonra Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində təhlükəsizlik siyasəti üzrə dövlət naziri Peter Staray qeyd edib ki, "Yaşıl" enerji dəhlizi layihəsi COP29-un əsas məqsədlərini dəstəkləyir.

"Hesab edirəm ki, COP29-da yaşıl enerji dəhlizi layihəsi ilə bağlı görüş təşkil etmək çox gözəl ideya idi. Bu, simvolikdir, çünki hər iki hadisə bir-biri ilə sıx bağlıdır. Yaşıl Enerji Dəhlizi layihəsi davamlı inkişaf üçün COP29-un əsas məqsədlərini dəstəkləyir. İndi diqqətimiz kritik olan və sübut və araşdırma ilə dəstəklənən infrastruktur əlaqələrinin qurulmasına yönəlib. Ancaq irəli getməzdən əvvəl bu layihənin real mümkünlüyünü aydın başa düşməliyik", - deyə o bildirib.

Görüş zamanı Yeni təsis edilmiş Birgə Müəssisənin fəaliyyət planının hazırlanması ilə bağlı işlər də müzakirə edilib. 8-ci Nazirlər Görüşündə qəbul olunmuş qərara uyğun olaraq energetika nazirinin müşaviri Fərhad Məmmədov Birgə Müəssisənin Baş direktoru təyin edilib. Yekunda Birgə Müəssisənin fəaliyyəti üzrə hüquqi məsələlərin tezliklə yekunlaşdırılması razılaşdırılıb. Bolqarıstanın Sazişə qoşulması ilə bağlı ölkənin marağına və nazirlərin əvvəlki görüşlərinin qərarlarına əsaslanaraq zəruri prosedurlara başlamaq barədə razılığa gəlinib. İclasın yekunlarına dair Protokol imzalanıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti