Bakı. Trend:
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etiraz aksiyası təşkil edilib.
Trend xəbər verir ki, beynəlxalq təşkilatların dəstəyi, aktivistlər, fotoqraf və müxtəlif ölkələrdən mütəxəssislərin dəstəyi ilə keçirilən aksiya COP29 məkanının Yaşıl Zonasında baş tutub.
Aksiyada İsveçrə, Kanada və Böyük Britaniyadan nümayəndələr iştirak ediblər. Aksiya iştirakçıları Norveç hökumətinin öz dəniz ərazilərində yerli şirkətlərə dərin dəniz mədənçiliyi ilə məşğul olmaq üçün lisenziyalar verərək, təbii resursların istismarına başlamaq planları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
İştirakçılar bildirib ki, onlar balina ovunun hələ də davam etməsinə diqqət çəkmək istəyirlər. Aksiya iştirakçısı Elissa Мау Phillips qeyd edib ki, bu, dünyanın bir sıra ölkələrində hələ də davam edir.
"Beləliklə, hələ də ticari balina ovunu həyata keçirən üç ölkə var, bunlar İslandiya, Yaponiya və Norveçdir. Və biz bunun hələ də davam etdiyinə diqqət çəkmək istəyirik. Ticarət məqsədli balina ovunu dayandırmaq üçün COP29-da qərar qəbul edənlərə ehtiyacımız var", - o bildirib.
Öz növbəsində, Maksvel Ris Hon vurğulayıb ki, onlar fərq yaratmaq və bunu daha çox ictimaiyyətə çatdırmaq üçün buradadırlar.
"Biz istəyirik ki, COP29-da iştirak edən insanlar bunun baş verdiyini və bunun davam etdiyini bilsinlər," - o qeyd edib.
Qeyd edək ki, bu gün, həmçinin COP29-un keçirildiyi Yaşıl zonada “FINS” təşəbbüsü tərəfindən dərin dəniz mədənçiliyi və balina ovuna qarşı etirazla əlaqədar panel müzakirələr keçirilib. Məruzəçilər və müzakirələrdə iştirak edən nümayəndələr balina ovu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.