Bakı. Trend:
"Yaşıl" dəhlizə Mərkəzi Asiya ölkələrinin cəlb edilməsi vacibdir.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişinə uyğun olaraq 9-cu Nazirlər görüşündə, idarəetmə komitəsinin iclasında bildirib.
"Bu, Gürcüstan üçün çox əhəmiyyətli və arzulanan bir məqsəddir. Düşünürəm ki, bu layihəyə qoşula biləcək ölkələrin sayını genişləndirə bilərik.
Ölkələr və bölgələr arasında qlobal tendensiyalar və interkonnektorların inkişafı ilə qlobal əlaqədən danışırıq. Təbii ki, müxtəlif regionlarla enerji mübadiləsi layihədə iştirak edən hər bir ölkənin enerji sektorunun rəqabət qabiliyyətini artıracaq," - deyə L.Davitaşvili vurğulayıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.