Bakı. Trend:
NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq kosmik stansiyadan videobağlantı ilə müraciət ünvanlayıblar.
Trend xəbər verir ki, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən, yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
“Beynəlxalq Kosmik Stansiyadan sizə salamlar. Mən NASA astronavtı Soni Viliems və komandamızın digər üzvü Nik Heik. Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük. Biz Yer kürəsini hər 90 dəqiqədə bir dövr edirik və planetimizin necə dəyişdiyini müşahidə edirik: tropik fırtınalar, buzlaqların əriməsi və meşə yanğınlarının artması kimi ekstremal hava hadisələrinin güclənməsi.
Kosmik stansiyada quraşdırılmış alətlər və Yer kürəsini müşahidə etmək üçün NASA və tərəfdaşlarımızın peyklərindən istifadə edərək, biz və tərəfdaşlarımız planetimizi və iqlim dəyişikliyinin nəticələrini izləyirik, topladığımız məlumatları bütün dünyaya təqdim edirik.
Bizim missiyalarımız dəniz səviyyəsinin yüksəlməsi, atmosferdəki istixana qazlarının miqdarı, planetin ortalama temperaturu, okeanların istiləşməsi, meşələrin kəsilməsi və yalnız kosmosdan görə biləcəyimiz bitki və heyvan həyatına dair məlumatların toplanmasına kömək edir. Bu kritik onillikdə dünya iqlim böhranı ilə mübarizədə səylərini gücləndirməlidir.
Beynəlxalq komandamız adından Azərbaycana və COP29-da iştirak edən hər kəsə Yer kürəsinin gözəlliyini, möcüzələrini və müxtəlifliyini qorumaq üçün göstərdiyiniz səylərə görə təşəkkür edirik", - deyə NASA astronavtları Bakı Sammitinin açılış mərasiminə ünvanladıqları videomüraciətlərində bildiriblər.