...

Ceyhun Bayramovdan Ermənistanın COP29-a qatılmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Siyasət Materials 12 Noyabr 2024 13:59 (UTC +04:00)
Ceyhun Bayramovdan Ermənistanın COP29-a qatılmaması ilə bağlı RƏSMİ AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın COP29-a qatılmamasına münasibət bildirib.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunan zaman qarşılıqlı şəkildə addımlar atılmışdı.

“Ermənistan burada öz vetosunu götürmüşdü. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Bürosuna üzv seçilməsinə razılığını bildirmişdi. COP-un inklüzivliyini təmin etmək üçün Azərbaycan tərəfi konvensiyaya digər üzv tərəflər kimi Ermənistana da dəvət göndərmişdi.

Eyni zamanda, Ermənistan tərəfindən də bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların konfransda iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu, itirilmiş bir fürsətdir".

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti