Bakı. Trend:
COP29 Sədrliyi İtki və Zərərlərə Cavab Fondunun yaradılmasında irəliləyişə nail olmaq üçün il ərzində intensiv işləyib.
Trend xəbər verir ki, bu barədə COP29-un prezidenti Muxtar Babayev “Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin optimallaşdırılması” mövzusunda COP29 Sədrliyinin tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Misir və BƏƏ-nin COP27 və COP28 sədrliklərinin nəticəsini və öhdəliklərini yüksək qiymətləndiririk.
“Hər iki Prezidentlik itki və ziyanla bağlı ciddi səylər göstərdi və işlərini gücləndirdi. Bütün bu illər ərzində yorulmaz əməkdaşlığa görə Fondun İdarə Heyətinə, Müvəqqəti Katibinə və Dünya Bankına minnətdarıq. Bu gün biz nəhayət deyə bilərik ki, İtki və Zərərlərə Cavab Fondu maliyyə vəsaitlərini ayırmağa hazırdır”,- deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.