Bakı. Trend:
COP29-da “Tajikistan Glaciers 2025” milli pavilyonunun rəsmi açılışı baş tutub.
Trend xəbər verir ki, açılış Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə baş tutub.
Bakıdakı iqlim dəyişikliyi ilə mübarizə üzrə Liderlər Sammitində Prezident Emoməli Rəhmon bildirib ki, iqlim dəyişikliyinə həssas olan Tacikistan, eyni zamanda, İqlim və Su üzrə Yüksək Səviyyəli Panelin üzvü olaraq, "Buzlaqların qorunması ili" elan etmək təşəbbüsünü irəli sürüb və bu təşəbbüs BMT Baş Assambleyasının dəstəyi ilə qəbul edilib.
Bu qətnaməyə əsasən, həmçinin "Beynəlxalq Buzlaqlar Günü" elan edilib və BMT-də Buzlaqların qorunması üçün etimad fondu yaradılıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.