...

Qazaxıstan Azərbaycanı Xəzəryanı ölkələrin ekspert qrupunun yaradılması təşəbbüsündə dəstəkləyir - Tokayev

İqtisadiyyat Materials 12 Noyabr 2024 15:43 (UTC +04:00)
Qazaxıstan Azərbaycanı Xəzəryanı ölkələrin ekspert qrupunun yaradılması təşəbbüsündə dəstəkləyir - Tokayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Azərbaycanı Xəzəryanı ölkələrin ekspert qrupunun yaradılması təşəbbüsündə dəstəkləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

"Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün qorunması ümumi narahatlıq doğuran bir məsələdir və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir. Biz Prezident İlham Əliyevin Xəzəryanı dövlətlərdən ibarət ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirik", - deyə o bildirib.

Prezident əlavə edib ki, Qazaxıstan Aral dənizinin qorunması üzrə fəaliyyətini gücləndirəcək.

"Bu qlobal tədbirin təşkilinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirir və inanıram ki, birlikdə bu günümüzün nəslinin qarşısında duran vacib vəzifəni həll edə biləcəyik", - deyə Tokayev sözlərini tamamlayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti