Bakı. Trend:
Bakıda keçirilən COP29 iqlim konfransında Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, ölçülə bilən maliyyə hədəfinin müəyyən edilməsidir.
Trend xəbər verir ki, bu barədə İqlim Ədaləti üzrə Pan-Afrika Alyansının nümayəndəsi Çarlz Piter Mvanqi Nyambura COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni maliyyə hədəfinə diqqətin yönəldilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələrini yaşaması ilə bağlıdır.
“Bu ağır nəticələr insan tələfatına və dolanışıq vasitələrinin itirilməsinə səbəb olur. Xüsusilə inkişaf proqramlarımız xarici resurslar, o cümlədən milli səviyyədə müəyyən edilmiş töhfələr tələb edir”,- deyə o bildirib.
O bildirib ki, daxili vəsait yetərli olmadığından bu vəsaitlərin xarici mənbələrdən daxil olacağı güman edilir.
"Biz bu resursları tələb etmişik. Beləliklə, Afrika yeni kollektiv maliyyə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Çalışdığımız budur və bizi bura gətirən də budur. Biz bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir", - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.