Bakı. Trend:
Bu gün ABŞ neft-qaz sənayesində emissiya vergisini təsdiqlədi.
Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən CO2 olmayan metan və digər istixana qazları üzrə Sammitdə çıxışı zamanı bildirib.
"ABŞ hələ də 2050-ci ilə qədər bütün istixana qazlarının sıfır emissiyalarına nail olma hədəfinə sadiqdir və ümid edirik ki, digər ölkələr də bizim nümunəmizi izləyərək bütün istixana qazları üçün öz hədəflərini müəyyən edəcəklər. Son 4 il ərzində ABŞ metan və qeyri-metan istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaqda irəliləyiş əldə edib.
Keçən il biz metan emissiyalarını 80 faiz azaldacaq yeni tənzimləməni açıqladıq ki, bu da bizim ən böyük metan mənbəyimiz olan neft-qaz sektoruna aiddir. Bugün isə ABŞ, Baydenin inflyasiyanı azaldan qanununa əsasən, neft-qaz sənayesində emissiya vergisini təsdiqlədi. Bu qanunla, 2026-cı ilə qədər metan emissiyaları üçün böyük emitentlərə verilən ödəniş 1500 dollar olacaq", - deyə C.Podesta qeyd edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.