...

COP for Hope: COP29-un bütün ölkələrə təcrübə qazandıracağına ümid edirik - Fərşid Şokrexodayi

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 15:17 (UTC +04:00)
COP for Hope: COP29-un bütün ölkələrə təcrübə qazandıracağına ümid edirik - Fərşid Şokrexodayi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının investisiya və maliyyələşdirmə komissiyasının rəhbəri Fərşid Şokrexodayidir.

O, Trend-ə açıqlamasında Bakıda keçirilən COP29-un bütün ölkələrə təcrübə qazandıracağına ümid etdiklərini bildirib.

Onun sözlərinə görə, COP29 kimi böyük tədbirin Azərbaycanda keçirilməsinə çox sevinir. Burada qazanılan təcrübə regionun inkişafına kömək edə bilər.

"İqlim dəyişikliyi sərhəd tanımayan problemlərdən biridir. Misal üçün bölgədə qum tufanı olduğunda bütün region ölkələri bundan əziyyət çəkir. Buna görə regional əməkdaşlığın inkişaf etdirilməsi iqlim dəyişiklikləri ilə əlaqədar problemlərin həllinə kömək edə bilər", - deyə o qeyd edib.

Şokrexodayi ümid edir ki, COP29 Azərbaycana öz inkişaf yolunu sürətlə davam etdiməsinə kömək edəcək.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti