Bakı. Trend:
Tacikistan 2037-ci ilə qədər "yaşıl" ölkə olmağa və 2032-ci ilə qədər bərpa olunan enerji mənbələrinə tamamilə keçməyə çalışır.
Trend xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı bildirib.
O vurğulayıb ki, ölkə artıq elektrik enerjisinin 98 faizini su elektrik stansiyalarından istehsal edir və bu, Tacikistanı aşağı karbon emissiyalarına malik bir ölkə kimi mövqeləndirir. Tacikistan karbon dioksid emissiyaları üzrə dünyada 130-cu yerdədir.
Prezident ölkədə su və iqlim problemləri arasında mühüm əlaqəyə diqqət çəkib və iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinin sürətinin artmasından narahat olduğunu bildirib.
"Biz buzlaqların sürətlə əriməsinə xüsusi diqqət yetirməliyik. Buzlaqlar regionu su ilə təmin etmədə mühüm rol oynayır ", - deyə o vurğulayıb.
"Tacikistan 2025-ci ili "Buzlaqların Qorunması ili" elan edən BMT Baş Assambleyasının qətnaməsinin qəbul edilməsinə təşəbbüs göstərib və bununla da BMT yanında buzlaqların qorunması üçün beynəlxalq hədəf Fondu yaradılıb.
Taciqkstan bu Fonda öz töhfəsini verdi və bütün tərəfdaşları bu təşəbbüsü dəstəkləməyə çağırır", - o deyib.
Prezident həmçinin, Xəzər dənizinin ekoloji təhdidləri ilə bağlı məsələlərə də toxunub.
"Dünyanın ən böyük gölünün qorunması ümumi narahatlıq mövzusudur və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir", - deyə o qeyd edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.