...

Qazaxıstan iqlim dəyişikliyinin ciddi fəsadlarına məruz qalır - Zülfiyyə Süleymenova

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 13:51 (UTC +04:00)
Qazaxıstan iqlim dəyişikliyinin ciddi fəsadlarına məruz qalır - Zülfiyyə Süleymenova
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan iqlim dəyişikliyinin ciddi fəsadlarına məruz qalır.

Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin Beynəlxalq Ekologiya Əməkdaşlığı üzrə Xüsusi Nümayəndəsi Zülfiyyə Süleymenova COP29 çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

"Bütün iştirakçılara Qazaxıstan üçün iqlimlə bağlı fəaliyyətdə göstərdikləri liderliyə görə səmimi təşəkkürümü bildirmək istərdim. Bu çox vacib məsələdir, çünki qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdıra bilsək, Qazaxıstan və Mərkəzi Asiya üçün bu, temperaturun 2,5 dərəcə artması demək olacaq. Beləliklə, bizim üçün 2,5 dərəcə nikbin ssenaridir və təəssüf ki, bu da bir çox risklərlə bağlıdır", - o bildirib.

Süleymanova vurğulayıb ki, bu il Qazaxıstan güclü daşqınlarla üzləşib və ölkənin yarıdan çoxunu su basıb. Bu, büdcəyə əhəmiyyətli təzyiq göstərərək, inkişafa, bərpa olunan enerjiyə və karbonsuzlaşdırmaya yönəldilə bilən vəsaitləri dağılmış evlərin və müəssisələrin yenidən qurulmasına yönəldilməyə məcbur edib. O qeyd edib ki, bu cür tədbirlər bugünkü müzakirələrin aktuallığını göstərir.

Onun sözlərinə görə, uyğunlaşma və iqlim dəyişikliyinin yumşaldılması kritik olaraq qalır. Uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi məsələsi getdikcə aktuallaşır, lakin emissiyalar azalmasa, adaptasiya üçün daha çox vəsait tələb olunacaq.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti