Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz İran Enerji İxracı Sənayesi Federasiyasının (FIEEI) direktoru Həmidrza Salehidir.
O Trend-ə
açıqlamasında bildirib ki, COP29-un dünya səviyyəsində müsbət
hədəfə nail olacağı gözlənilir.
Onun sözlərinə görə, Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşıb
və sona qədər yüksək səviyyədə davam edəcəyi gözlənilir.
"Dünya səviyyəsində bir sıra çirkləndiricilər, karbon qazları,
istixana qazları ətraf mühitə yayılmaqdadır. Çirkləndiricilərin
ətraf mühitə yayılmasının qarşısını almaq üçün təcrübələrin
paylaşılması zəruri görünür.
İranın özəl sektoru ətraf mühit çirkləndiricilərinin aradan
qaldırılmasında Azərbaycanda aidiyyəti üzrə əməkdaşlıq etməyə maraq
göstərir. Həm Azərbaycanın, həm də İranın bu sahədə qazandığı
nailiyyət və təcrübələrdən faydalanmaq olar. Qeyri-hökümət
təşkilatları ətraf mühitin qorunmasında birlikdə addımlar ata
bilərlər", - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.