Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imza atıb.
Trend xəbər verir ki, planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb.
Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.
Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq.
Həmçinin, Bakı COP 29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.
Fransa mətbuatı Bakı COP 29-un bu uğurunu işıqlandırıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.