Bakı. Trend:
Əgər Aralıq dənizi regionunda dekarbonizasiya aparılmasa, bu bir sıra fəsadlara gətirib çıxaracaq.
Trend xəbər verir ki, bunu Aralıq dənizi İttifaqının Baş katibinin müavini (UfM) Qrammenos Mastroyeni Bakıda COP29 çərçivəsində "Aralıq dənizi impulsu: 2030-cu ilə qədər 1 TW bərpa olunan enerjiyə doğru sürətlənmə" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
"Aralıq dənizi dünyada istiləşmə prosessinin ən sürətli getdiyi ikinci bölgədir və proqnozlaşdırılan fəsadlar həqiqətən qorxuludur. Bir neçə ildən sonra 250 milyon insan su çatışmazlığı ilə üzləşəcək", - deyə Q.Mastroyeni bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerji yalnız dekarbonizasiya deyil. Təbiət potensialı bərabər şəkildə paylayıb. Günəş enerjisi olmayan ölkələr, məsələn, külək enerjisi ilə zəngindir. Lakin uran və ya digər təbii sərvətlər yalnız bir neçə ölkədə mövcuddur.
"Bu səbəbdən bərpa olunan enerji - suverenlik deməkdir. Bərpa olunan enerji - iş yerləri deməkdir. Amma Aralıq dənizi regionunda bu, eyni zamanda ən böyük insan cəmiyyətinin birləşməsi deməkdir. Bərpa olunan enerji - sülh deməkdir. Biz 'yaşıl' keçid çərçivəsində Cənub və Şimal sahillərinin inteqrasiyası ilə bağlı geniş müzakirələrin mərkəzindəyik. Avropa İttifaqı dekarbonizasiya məqsədi ilə irəliləyir və bu, Cənub potensialının töhfəsi olmadan mümkün deyil. Cənub ölkələrinin potensialı yalnız yerli bazalar üzərində inkişaf edə bilməz", - o əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.