Bakı. Trend:
COP29-un açılış mərasimi xoş təəssürat yaratdı.
Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən COP29 konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Mən tədbirə bu səhər gəldim və artıq gördüklərimdən çox təsirləndim: möhtəşəm açılış mərasimi keçirildi, indi isə dünya liderləri çıxış edir. Xoşdur ki, səhiyyə məsələlərinə daha çox diqqət yetirilir. Çünki hər zaman vurğuladığımız kimi, iqlim böhranı eyni zamanda sağlamlıq böhranıdır", - deyə o bildirib.
Qebreyesus gələcək illər üçün səhiyyə baxımından təhlildən danışıb və çox şeyin bizdən asılı olduğunu vurğulayıb.
"Təhlil belədir: hər şey bizim əlimizdədir. Əgər hazırlaşsaq, əlimizdən gələni etsək, qarşısını almaq üçün çox sayda tədbir görə bilərik. Hər şey bizim əlimizdədir, və əgər hərəkət edər, hazırlıqlı olar və qarşısını alarsaq, bu baş verməyəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.