...

Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir - Rumıniyanın energetika naziri

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 15:22 (UTC +04:00)
Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir - Rumıniyanın energetika naziri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir.

Trend xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə bildirib.

"Birgə müəssisənin yaradılması yekun mərhələdədir. Bildiyimə görə, nizamnamə üzrə müzakirələr demək olar ki, tamamlanıb. Son töhfələr əldə edildikdən sonra sənədləri ticarət reyestrinə təqdim edə biləcəyik. Rumıniyada Rəqabət Şurası ilə geniş məsləhətləşmələr aparmışıq, çünki qanunvericiliyə əsasən, onlar Aİ-dən kənar xarici investisiyaları yoxlamalıdırlar. Hazırda irəliləmək üçün hüquqi icazəmiz var – bu mərhələni uğurla keçmişik. İndi, nizamnamə üzərində iş tamamlandıqdan sonra elektrik ötürmə operatorumuz hər tərəfin təqdim etməli olduğu sənədlərin siyahısını göndərəcək. Bu sənədlər, məsələn, biznesin qeydiyyatı, maliyyə təsdiqi və digər məlumatları əhatə edir", - o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti