Bakı. Trend:
COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub.
Trend xəbər verir ki, açılış lentini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum kəsib.
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib:
"Biz hazırda qlobal miqyasda konkret addımların atılacağına dair gözləntilərin ən yüksək olduğu COP iclaslarından birini keçiririk. Türkiyə olaraq hesab edirik ki, builki sammitin gündəliyi maliyyəyə çıxışı olmayan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir"
Onun sözlərinə görə, Türkiyə aidiyyəti qurumları ilə birlikdə bir ildir ki, COP29-a intensiv hazırlaşır.
"İqlim maliyyəsinə çıxışın asanlaşdırılması daha ədalətli dünya üçün vacibdir. Türkiyə olaraq COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi gördüyümüzü bildiririk. Növbəti on gün ərzində biz iqlim maliyyəsinin yeni hədəflərini müəyyən etməyə çalışacağıq. Təbii ki, COP29 ölkələrin iqlim böhranı ilə bağlı nə etdiklərini görmək baxımından mühüm əhəmiyyətə malik bir sammitdir. Çünki Paris razılaşması ilə yeni dövrə qədəm qoyan ölkələrin şəffaflıq hesabatları bu sammitin ən mühüm mövzularından biridir", - deyə M.Kurum vurğulayıb.