...

Azərbaycan, Özbəkistan və Qazaxıstan yaşıl dəhliz layihəsinə dair saziş imzalayacaqlar - Orxan Zeynalov

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 17:24 (UTC +04:00)
Azərbaycan, Özbəkistan və Qazaxıstan yaşıl dəhliz layihəsinə dair saziş imzalayacaqlar - Orxan Zeynalov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında "Yaşıl dəhliz" layihəsinin həyata keçirilməsinə dair hökumətlərarası saziş imzalanacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində “Aralıq dənizi impulsu: 2030-cu ilə qədər 1 terravat bərpa olunan enerjiyə doğru sürətlənmə” mövzusunda panel müzakirəsində deyib.

"Hesab edirəm ki, Mərkəzi Asiyanın çox böyük potensialı var. Biz həm də dəhlizlərin texniki-iqtisadi əsaslandırma baxımından uyğunlaşdırılması və vahid struktura çatdırılması ilə yanaşı onların birləşdirilməsinin zəruriliyindən, eləcə də onların inkişafının müxtəlif mərhələlərinə yanaşmalardan danışırıq. Ümumiyyətlə, biz bütün dünyada “yaşıl” dəhlizlərin inkişafının uyğunlaşdırılmasından danışırıq", - o bildirib.

O.Zeynalov onu da bildirib ki, 1 terravat hədəfi həqiqətən heyranedici rəqəmdir və əla məqsəddir.

"Eyni zamanda, mən iki aspekti qeyd etmək istərdim: birincisi, Azərbaycanın enerji keçidinə necə nail olunmasına dair milli strategiyası baxımından, ikincisi, COP29-da sədrliyin qlobal öhdəlikləri necə həyata keçirməsi baxımından", - o bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payının 30 faizinə çatmağı qarşısına məqsəd qoyur. İndiki templə bərpa olunan mənbələrə keçid sürətlənir və bu məqsədə çox daha tez nail olmaq olar.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti