Bakı. Trend:
COP29 yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın tanınmasını üçün mühüm addım olacaq.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə, idarəetmə komitəsinin iclasında bildirib.
"O cümlədən, bu Nazirlər görüşü COP29 çərçivəsində layihəmizi təqdim etmək üçün gözəl bir platformadır. Düşünürəm ki, məhz burada, COP29-da biz regionumuz üçün ən böyük "yaşıl enerji" layihəsini müzakirə edirik.
Azərbaycanı bu tədbirin uğurla təşkil edilməsi münasibətilə təbrik edirəm, qonaqpərvərliyə görə minnətdaram və konfransın uğurlu keçməsini arzulayıram. Əminəm ki, bu, yalnız Azərbaycanın və Bakının deyil, həm də bütün Cənubi Qafqazın tanınmasına mühüm töhfə verəcək", - o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.