Bakı.Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Dövlət Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovdur.
O, Trend-ə açıqlamasında qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində dünyada katostrafik risklər kəskin artıb.
"Bu ölkəmizdən də yan keçməyib".
O bildirib ki, 1990-2022-ci illər arasında Azərbaycanda dolu hadisələrinin sayı 3 dəfə, daşqın hadisələri 18, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb.
“Bu, özünü ödənişlərdə də göstərir. Belə ki, 2021-2022-ci illərdə ölkəmizdə aqrar sığorta ilə bağlı müraciətlərin, qeydə alınan hadislərin 92%-i təbiət hadisələrinə aiddir. Ödənişlərin 54%-i fırtına, 25%-i dolu, 13%-i subasma, qalanı isə başqa hadisələrə görə olub.
2022-2023-cü illərdə isə təbiət hadisələrinə görə ödənişlərin payı 94% olub. Ümumilikdə isə Fond tərəfindən təbiət hadisələrinə görə sığorta ödənişləri on milyon manatı keçib. Bu ilin doqquz ayı üzrə isə aqrar sığorta üzrə üç milyon səkkiz yüz min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Azərbaycanda yaradılan aqrar sığorta mexanizmi və onu reallaşdıran Aqrar Sığorta Fondunun yaradılmasında məqsəd kənd təsəərrüfatına dəyən ziyanı kompensasiya etməkdir”, - o qeyd edib.