Bakı. Trend:
"Yaşıl" enerji dəhlizi layihəsi COP29-un əsas məqsədlərini dəstəkləyir.
Trend xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində təhlükəsizlik siyasəti üzrə dövlət naziri Peter Staray COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə bildirib.
"Hesab edirəm ki, COP29-da yaşıl enerji dəhlizi layihəsi ilə bağlı görüş təşkil etmək çox gözəl ideya idi. Bu, simvolikdir, çünki hər iki hadisə bir-biri ilə sıx bağlıdır. Yaşıl Enerji Dəhlizi layihəsi davamlı inkişaf üçün COP29-un əsas məqsədlərini dəstəkləyir. İndi diqqətimiz kritik olan və sübut və araşdırma ilə dəstəklənən infrastruktur əlaqələrinin qurulmasına yönəlib. Ancaq irəli getməzdən əvvəl bu layihənin real mümkünlüyünü aydın başa düşməliyik", - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.