Bakı. Trend:
Filippin ciddi iqlim təhlükələrinə baxmayaraq emissiyaları azaltmaq üçün səylərini davam etdirir.
Trend xəbər verir ki, bunu COP29 çərçivəsində panel müzakirəsi zamanı Filippinin nümayəndəsi Maria Lualhati Dorotan-Tiuseco bildirib.
"Filippin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun olaraq Milli səviyyədə müəyyən edilən töhfələrdə və onun icra planında müəyyən edilmiş emissiyaların azaldılması və qarşısının alınması hədəflərinə nail olmaq öhdəliyinə sadiq qalır", - o bildirib.
Onun sözlərinə görə, Filippin üçün bu, böyük əhəmiyyət kəsb edir. Filippin dünyanın iqlim dəyişikliyinə ən həssas olan ölkələri sırasındadır.
"Bir aydan az müddətdə dörd tayfun yaşadıq. Onlardan biri nəticəsində tarixdə ilk dəfə vilayətlərimizdən birini tamamilə su basdı. Biz hələ də tayfunun vurduğu zərərin həcmini bilmirik, lakin insanlar hələ də təxliyə mərkəzlərindədir. Ona görə də bu söhbət bizim və şəxsən mənim üçün çox vacibdir", - o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.