...

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlim maliyyələşdirməsi məqsədi barədə razılığa gəlmədən tərk etməyə icazə verə bilməz - Saymon Stil

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 14:59 (UTC +04:00)
Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlim maliyyələşdirməsi məqsədi barədə razılığa gəlmədən tərk etməyə icazə verə bilməz - Saymon Stil
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlim maliyyələşdirməsi məqsədi barədə razılığa gəlmədən tərk etməyi qətiyyən icazə verə bilməz.

Trend xəbər verir ki, bunu BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya Liderlərinin Sammitinin açılışında bildirib.

"İqlim dəyişikliyinə qarşı daha cəsarətli addımlar iqtisadi imkanlar və ümumi rifah yaradılmasına səbəb ola bilər. Ucuz və təmiz enerji iqtisadiyyatınızın təməli ola bilər. Bu, daha çox iş yerləri, daha çox iqtisadi artım, şəhərləri boğan çirklənmənin azalması, daha sağlam vətəndaşlar və inkişaf edən müəssisələr deməkdir.

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlim maliyyələşdirmə məqsədinə çatmadan tərk etməyə icazə verə bilməz. Buna görə mənim buradakı və paytaxtlardakı liderlərə mesajım belədir: ambisiyalı nəticələr gözlədiyinizi aydın şəkildə bildirin. Danışıqlar aparan nümayəndələrinizə tapşırıq verin: niyyət nümayişini bir kənara qoyun – dərhal qarşılıqlı anlaşma nöqtələrini axtarmağa keçin.

Bizim, həmçinin, yeni milli iqlim hədəfləri və planlarının – NDC (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) hazırlanmasında sizin birbaşa iştirakınıza ehtiyacımız var ki, hamınız ekoloji təmiz enerji və iqlimə davamlılıq inkişafının faydalarından yararlana biləsiniz", — deyə o bildirib.

S.Stil əlavə edib ki, indiki çətin dövrlərdə ümidsizliyə qapılmaq – bir strategiya deyil və buna yer yoxdur.

"Bizim proses dayanıqlıdır və inkişaf edəcək. Nəticədə, beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olması üçün yeganə yoldur. Düşünmə vaxtı bitdi, gəlin işə başlayaq", — deyə o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti