...

Ştutqartda Azərbaycan Evi: Diaspor siyasətinin davamlılığının göstəricisi

Siyasət Materials 19 Yanvar 2026 12:50 (UTC +04:00)
Ştutqartda Azərbaycan Evi: Diaspor siyasətinin davamlılığının göstəricisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq təkcə siyasi və iqtisadi resurslarla ölçülmür. Xalqların özünü təqdimetmə bacarığı, milli dəyərlərin qorunaraq qlobal məkana daşınması, diaspor potensialının səfərbər edilməsi ictimai diplomatiyanın əsas dayaqlarına çevrilib.

Azərbaycan son illərdə bu sahədə ardıcıl və məqsədyönlü siyasət həyata keçirən ölkələr sırasında yer alır. Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və onun nəzdində həftəsonu Azərbaycan məktəbinin açılması məhz bu siyasətin davamlı və sistemli xarakter daşıdığını göstərən mühüm nümunələrdəndir.

Ştutqart kimi strateji əhəmiyyətə malik bir Avropa şəhərində Azərbaycan Evinin fəaliyyətə başlaması sadəcə mədəni mərkəzin açılışı deyil, ölkəmizin ictimai diplomatiya xəttinin praktik nəticəsidir. Bu addım Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşları ilə əlaqələrə formal yanaşmadığını, əksinə, bu münasibətləri uzunmüddətli milli strategiyanın tərkib hissəsi kimi gördüyünü nümayiş etdirir. İctimai diplomatiyanın əsas məqsədi beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərməkdirsə, Azərbaycan Evləri bu məqsədin reallaşdığı ən effektiv platformalardan biri kimi çıxış edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdə həyata keçirdiyi fəaliyyətlər göstərir ki, diaspor anlayışı yalnız nostalji bağlar üzərində qurulan emosional münasibət kimi deyil, milli maraqların qorunmasında və təşviqində aktiv subyekt kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan müasir diaspor siyasəti məhz bu yanaşmanı əsas tutur. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, vahid ideya ətrafında birləşməsi və yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ştutqartda açılan Azərbaycan Evi bu baxımdan həm koordinasiya, həm də təmsilçilik funksiyasını daşıyır. Burada milli mədəniyyətin, dilin, tarix və ənənələrin yaşadılması ilə yanaşı, Azərbaycanın müasir inkişaf modeli, regionda və dünyada oynadığı rol da yerli ictimaiyyətə çatdırılır. Bu isə ictimai diplomatiyanın ən vacib elementlərindən olan “yumşaq güc” mexanizmlərinin real müstəvidə işləməsi deməkdir.

Xüsusi diqqətəlayiq məqamlardan biri Azərbaycan Evlərinin nəzdində həftəsonu məktəblərinin fəaliyyətidir. Üçüncü və dördüncü nəsil diaspor nümayəndələrinin ana dilini unutmaması, milli kimliyini qoruyub saxlaması artıq təkcə mədəni məsələ deyil, strateji əhəmiyyət daşıyan bir prosesdir. Qloballaşmanın sürətləndiyi bir dövrdə assimilyasiya riski ilə üz-üzə qalan diaspor gəncliyi üçün bu məktəblər milli yaddaşın qorunması baxımından mühüm rol oynayır. Ştutqart kimi azərbaycanlıların kompakt yaşadığı bir məkanda bu modelin tətbiqi təsadüfi deyil və Diasporla İş üzrə Dövlət Komitəsinin planlı fəaliyyətinin nəticəsidir.

Azərbaycan dövlətinin diasporuna göstərdiyi diqqət və qayğı yalnız təşkilati dəstəklə məhdudlaşmır. Tədris vəsaitləri, dərsliklər, metodiki materiallar, onlayn platformalar vasitəsilə xaricdəki məktəblərin fasiləsiz fəaliyyəti təmin edilir. Bu təşəbbüslər göstərir ki, Azərbaycan diasporla işi ənənəvi üsullarla deyil, müasir texnologiyaların imkanlarından istifadə etməklə qurur.

Ştutqartdakı Azərbaycan Evinin açılışı eyni zamanda diaspor daxilində birliyin möhkəmlənməsi baxımından da önəmli hadisədir. Avropanın müxtəlif ölkələrindən, Almaniyanın ayrı-ayrı şəhərlərindən soydaşlarımızın bu tədbirə qatılması diaspor şəbəkəsinin artıq regional çərçivədən çıxaraq daha geniş miqyas aldığını göstərir. Bu cür platformalar fərdi təşəbbüsləri vahid məqsəd ətrafında birləşdirir və diaspor fəaliyyətini sistemli hala gətirir.

Azərbaycan Evlərinin fəaliyyətində mədəni diplomatiya xüsusi yer tutur. Sərgilər, konsertlər, ədəbi-bədii tədbirlər vasitəsilə Azərbaycan mədəniyyəti təkcə soydaşlarımıza deyil, eyni zamanda yerli ictimaiyyətə təqdim olunur. Bu isə ölkəmiz haqqında stereotiplərin aradan qaldırılmasına, obyektiv və dolğun təsəvvürün formalaşmasına xidmət edir. Ştutqartda təşkil olunan mədəni tədbirlər də Azərbaycan mədəniyyətinin universal dəyərlərlə uzlaşdığını və beynəlxalq məkanda maraq doğurduğunu bir daha sübut edir.

Bu gün dünyanın 20 ölkəsində fəaliyyət göstərən 32 Azərbaycan Evi və 24 ölkədə mövcud olan 90-dan artıq həftəsonu məktəbi Azərbaycanın ictimai diplomatiyasının coğrafiyasının nə qədər genişləndiyini göstərir. Bu rəqəmlər arxasında yalnız statistik göstəricilər deyil, düşünülmüş dövlət siyasəti, ardıcıl institusional dəstək və diasporla qurulan etibarlı tərəfdaşlıq dayanır. Dövlət başçısının tövsiyəsi ilə bu şəbəkənin genişləndirilməsi Azərbaycanın diaspor siyasətinin gələcəkdə də prioritet olaraq qalacağından xəbər verir.

Nəticə etibarilə, Ştutqartda Azərbaycan Evinin və həftəsonu məktəbinin açılması bir mərasim çərçivəsindən xeyli kənara çıxan, strateji məna daşıyan hadisədir. Bu addım Azərbaycanın ictimai diplomatiyasının davamlı uğurlarının, diasporla iş sahəsində formalaşdırılmış effektiv modelin və dövlətin xaricdə yaşayan soydaşlarına göstərdiyi sistemli qayğının bariz təzahürüdür. Belə təşəbbüslər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqların qlobal məkanda daha güclü şəkildə müdafiə olunmasına və azərbaycanlı kimliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti