...

Gültəkin Hacıyeva: "Azərbaycanda 5000-ə yaxın insan itkin düşüb"

Siyasət Materials 24 Mart 2006 20:07 (UTC +04:00)

Azərbaycanda 5000-ə yaxın insan itkin düşüb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti 2001-ci ildən etibarən Azərbaycanda itkin düşən insanlarla bağlı məsələnin gündəliyə salınmasına cəhd göstərib: "Lakin həmişə ermənilərin maneələri ilə üzləşsək də nəhayət AŞPA rəhbərliyini inandıra bildik ki, bu məsələnin müzakirəsinə biganə yanaşmaq qurumun fəaliyyətinə mənfi təsir göstərə bilər". Millət vəkili bildirib ki, 2005-ci ilin iyun ayında Azərbaycanda itkin düşən irnsanlarla bağlı hazırladığı sənəd qurumun miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə komitəsinə göndərildikdən sonra dekabrın 8-də Leo Platfoyet məruzəçi təyin edilib.

G.Hacıyeva bildirib ki, Azərbaycandan 5 minə yaxın itkin düşən insan var: "Əminəm ki, itkin düşən insanların yarısı həyatda yoxdur. Bunu faktlar da sübut edir. Ancaq onlar barədə məlumatları dəqiqləşdirmək yaxınlarına bir təsəlli ola bilər. Eyni zamanda onların itkin düşməsində bu və ya digər şəkildə rolu olan cinayətkarlar tapılıb mühakimə oluna bilər". Millət vəkili ümid etdiyini bildirib ki, Leo Platfoyet bu məsələ ilə bağlı obyektiv mövqe nümayiş etdirəcək.

Millət vəkili onu da qeyd edib ki, itkin düşən insanlarla bağlı Leo Platfoyetə təqdim etdiyi siyahıda 5000-ə yaxın insanın adı göstərilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin siyahısında isə bu rəqəm 2500 göstərilib.

Qeyd edək ki, Azərbaycanda itkin düşən insanlarla bağlı məsələnin məruzəçisi Leo Platfoyet apreldə Qırmızı Xaç Komitəsinin Cenevrədəki qərargahına gedərək bu siyahını yenidən əldə edəcək. AŞPA-nın miqrasiya, qaçqınlar və əhali məsələlri üzrə komitəsinin iclası aprelin 10-13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti