...

Ayaz Rüstəmov: "AMİP indi kütləvi tədbirlərin keçirilməsini məqsədəuyğun saymır"

Siyasət Materials 13 Aprel 2006 16:52 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun saymır. Bu barədə Trend ə Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) təsisçilərindən olan AMİP sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, MSƏM mayın 6-da mitinq keçirməklə bağlı qərar qəbul edib. A.Rüstəmov isə bildirib ki, o, MSƏM-in aprelin 12-də keçirilən iclasında bu məsələnin əleyhinə olduğunu söyləyib: "Təmsil olunduğumuz mərkəz məsləhətləşmə mərkəzidir. Biz bildirmişik ki, mərkəzdə gündəmə gətirilən hər hansı bir məsələ partiyanın Siyasi Şurasında müzakirə olunmalıdır. Sabah Siyasi Şuranın iclasında mitinqin keçirilməsi məsələsi müzakirə olunacaq".

AMİP sədrinin əvəzi onu da bildirib ki, təkrar seçkilərdən sonra hər hansı bir kütləvi aksiyaların keçirilməsindən söhbət gedə bilər: "AMİP qurultaya, 5 üzvü isə namizəd kimi seçkilərə hazırlaşır. Bu dönəmdə hansı mitinqlərin keçirilməsinə hazırlıqdan söhbət gedə bilər?". A.Rüstəmov qeyd edib ki, MSƏM Azərbaycanın ümummilli maraqlarına xidmət edir. Milli maraqlara xidmət edən tədbirlərin qapalı şəkildə də keçirilə biləcəyini deyən A.Rüstəmov əlavə edib: "Belə tədbirləri sonradan kütəlvi şəkilə salmaq mümkündür".

Xəbər lenti

Xəbər lenti