...

İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına tərəfdardır

Siyasət Materials 5 May 2006 13:08 (UTC +04:00)

Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir və hələlik bunun mümkün olduğunu hesab edir. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələrin 9-cu sammitinin açılışı zamanı çıxışında bəyan edib.

Bu zaman dövlət başçısı Azərbaycan xalqının səbrinin sərhədsiz olmadığını da bildirib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapa bilər. "Erməni işğalçı qüvvələri işğal olunan əraziləri tərk etməli, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar və beləliklə, ədalət bərpa olunmalıdır. Bundan başqa hər hansı bir razılaşma mümkün deyil. Çünki beynəlxalq hüquq bunu tələb edir", - deyə İlham Əliyev bildirib və Azərbaycanın ərazi bütövlüyünün danışıqların predmeti olmadığını və ola bilməyəcəyini əlavə edib. Prezident Azərbaycanın mövqeyini tanıdıqları üçün İƏT ölkələrinə dərin təşəkkürünü bildirib.

Prezident qeyd edib ki, İƏT ölkələri arasında hərtərəfli iqtisadi münasibətlər üçün hər cür şərait mövcüddur. Lakin onların daha da dərinləşməsi üçün şübhəsiz ki, regionda təhlükəsizlik tədbirlərini gücləndirmək zəruridir. "Azərbaycan bu prosesdə fəal rol oynayır və bunu etməkdə davam edəcək. Lakin narahatlıq doğuran bir çox məsələlər var. İlk növbədə bu, beynəlxalq terrorizm məsələsidir ki, onunla mübarizədə bütün ölkələr öz səylərini birləşdirməlidirlər", - deyə prezident bildirib. Bu zaman o, bütün terrorçu təşkilatlara vahid nöqteyi-nəzərdən baxmaq lazım olduğunu bildirib. O, Azərbaycanın da bu problemdən zərər çəkən ölkə olduğunu xatırladıb. Erməni terrorçu təşkilatları Azərbaycana qarşı 30-dan artıq terror aktı təşkil ediblər ki, onların nəticəsində 2 mindən artıq günahsız insan həlak olub. "Və bu gün regional münasibətlər üçün ən başlıca maneə Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən təcavüzdür"-deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti