...

Baş Konsul: "MDB məkanında terrorizm, narkotiklərə qarşı mübarizə, milli təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq"

Siyasət Materials 10 Noyabr 2006 10:32 (UTC +04:00)
Baş Konsul: "MDB məkanında terrorizm, narkotiklərə qarşı mübarizə, milli təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq"

Noyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində Tavriya sarayında MDB-yə üzv dövlətlərin Parlament Assambleyasının 27-ci plenar iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, 17 noyabrda isə həmin sarayda "MDB üzv dövlətləri tərəfindən müasir zamanda beynəlxalq təhlükəsizliyin qorunmasında birgə fəaliyyət" adlı elmi-tədqiqat konfransının keçirilməsi nəzərdə tutulub. Qeyd olunan tədbirdə Azərbaycan Respublikası adından Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun, DİN Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovun, milli təhlükəsizlik nazirinin müavini vəzifəsini icra edən Fuad Şəfiyevin, Baş Prokurorluğun idarə rəisi Çingiz Məmmədovun iştirakı nəzərdə tutulur.

Q.Osmanovun sözlərinə görə, tədbirdə MDB məkanında terrorizm, narkotiklərə qarşı mübarizə, milli təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq: "Tədbir iştirakçıları proqram layihəsinə uyğun olaraq xüsusi yaradılacaq işçi qruplar çərçivəsində MDB məkanında terrorizmə və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, milli qanunvericilikdə milli təhlükəsizlik, maliyyə terrorizmi, su məkanlarının və sərhədlərin qorunması, insan hüquqlarının qorunmasına dair yeni qanunların tərtib edilməsi, qanunvericiliyin müasirləşdirilməsi və digər məsələlərin müzakirəsində iştirak edəcəklər. Azərbaycan nümayəndə heyətindən adları çəkilən şəxslərin çıxışlar etməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti