...

Baş konsul: Azərbaycanda soydaşlarımızın Rusiyadan "qovulması" ətrafında yaradılmış ajiotaj – bəzi şəxslərin populist çıxışlarının nəticəsidir

Siyasət Materials 14 Dekabr 2006 18:16 (UTC +04:00)
Baş konsul: Azərbaycanda soydaşlarımızın Rusiyadan "qovulması" ətrafında yaradılmış ajiotaj – bəzi şəxslərin populist çıxışlarının nəticəsidir

Azərbaycanın Sankt -Peterburqdakı Baş konsulluğu Rusiyada yaşayan azərbaycanlıların qeydiyyat problemlərini həll etmək üçün bütün tədbirləri görür. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Trend ə eksklüziv olaraq məlumat verib.

"Bu gün Azərbaycanda bəzi adamlar soydaşlarımızın Rusiyadan qovulduğunu bildirərək, öz populist çıxışları ilə azərbaycanlıların qeydiyyat məsələsi ətrafında süni ajiotaj yaradırlar. Bu isə həqiqətə uyğun deyil", - deyə Q.Osmanov bildirib. Onun sözlərinə görə, bir ildən artıq vaxtda konsul olduğu müddətdə bir çox azərbaycanlıların vətənə qayıtdıqlarını müşahidə edir. "Bunlar Azərbaycanı 1991-1994-cü illərdə tərk etmiş insanlardır, onların əksəriyyəti Rusiyada işləyərək varlanıb, Azərbaycanda daşınmaz əmlak alıb və Vətənə qayıtmaq qərarına gəliblər. Belə insanların sayı getdikcə artır və bu tendensiya davam edəcək", - deyə o bildirib.

Baş konsulun qeyd etdiyi kimi, problemi vaxtında qeydiyyatdan keçmək istəməyən insanlar yaradır və bu, onların işə səhlənkar yanaşması ilə izah olunur.

Azərbaycan prezidentinin "Rusiya Federasiyası ərazisində kommersiya ilə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" 22 noyabr 2006-cı il tarixli sərəncamından sonra baş konsulluq azərbaycanlılara hüquqi yardım göstərməklə, onlar arasında izahat işinin aparılması üzrə tədbirləri gücləndirib. Q.Osmanovun sözlərinə görə, bu gün Baş konsulluğun əməkdaşları bölgələrdədir və orada Federal miqrasiya üzrə xidmətlə əməkdaşlıqda bu işi görürlər.

"Bu gün mən problemi diqqətlə öyrənmək üçün təxminən 500 azərbaycanlı ilə görüşə gedirəm. Bu vaxta qədər isə Murmansk, Arxangelsk və Kareliyada oldum və həmin vilayətlərin administrasiyası ilə, eləcə də soydaşlarımızla görüşdüm", - deyə diplomat bildirib.

İlin sonunadək baş konsul Leninqrad vilayətinin daha 7 rayonunda olmağı və azərbaycanlıların problemləri ilə tanış olmaq, bu rayonların administrasiyalarının rəsmi şəxsləri ilə görüşməyi planlaşdırır. "Bu gün həmin rayonlardan hər birində 2-4 min azərbaycanlı yaşayır, onlardan 30-40%-i - qanunsuzdur və onlarla işləmək lazımdır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti