...

Azərbaycanın müxalifət partiyasının sədri "Xural" qəzetinin baş redaktoru ilə barışa bilər

Cəmiyyət Materials 3 Oktyabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın müxalifət partiyasının sədri "Xural" qəzetinin baş redaktoru ilə barışa bilər.

Bu barədə çərşənbə günü Trend ə məlumat verən baş redaktor Əvəz Zeynallı bildirib ki, bu gün Nərimanov rayon məhkəməsində keçirilən prosesdə hakim tərəflərə barışmaq təklif edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Zeynallının təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Partiya sədri həm də "Xural" qəzetində özünün barəsində təhqiramiz yazıların dərc olunduğunu əsas gətirərək, qəzetin təkzib verməsini, üzr istəməsini tələb edir.

Zeynallı isə, bununla bağlı Trend ə açıqlamasında bildirib ki, əvvəlcə Həsənquliyevin nəzarəti altında olan "Xalq cəbhəsi" qəzeti ona qarşı təhqiramiz yazılar yazıb. Ondan sonra "Xural" Həsənquliyevin ünvanına cavab yazıları yazıb. Zeynallı bildirib ki, o, tərəflər arasındakı mübahisənin barışıq yolu ilə həllinə razıdır.

Həsənquliyevin vəkili Telman İbrahimov da barışığa razı olduqlarını deyib.

Məhkəmə hər iki tərəfə, barışıqla bağlı yekun qərara gəlmək üçün, oktyabrın 17-dək vaxt verib.

Həsənquliyev "Xural"a qarşı mülki iddiasında 250 min manat mənəvi təzminat və qəzetin təkzib verməsini istəyir. Bu iddia üzrə proses oktyabrın 9-da davam etdiriləcək.

BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Partiya sədri Qüdrət Həsənquliyev Milli Məclisin deputatıdır.

"Xural" qəzeti özünü heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nəşr hesab edir.

Xəbər lenti

Xəbər lenti