...

Ötən diffomasiya iddiaları ilə bağlı 25-dan artıq məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 8 Fevral 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / " , müxbir K. Zərbalıyeva/ Bu ilin yanvarında mediaya qarşı qarayaxma (diffomasiya) iddiaları ilə bağlı 25-dən artıq məhkəmə iclası keçirilib.

Trend in məlumatına görə, bu barədə Media Hüquq İnstitutunun hazırladığı hesabatda məlumat verilib.

Mediaya, jurnalistlərə qarşı gözdənsalma adı altında daha 6 məhkəmə davası açılıb, 5 jurnalistə ən ağır cəza - azadlıqdan məhrumetmə cəzası istənilib. İddialardan yalnız biri barışıqla sonuclanıb.

Sənədə görə, ötən bir ayda tənqidçi mediadan 530 min AZN ödənc tələb olunub. Nərimanov məhkəməsi "Azərbaycan" Nəşriyyatının direktorunun və Yevlax şəhər İcra Hakimiyyətinin "Xural" qəzetinə qarşı mülki tələblərini qismən təmin edib, ağır maliyyə durumunda olan qəzetə 11 min AZN ödənc qoyub. Nərimanov Məhkəməsi "Xural"ın baş redaktoruna və əməkdaşına qarşı xüsusi ittiham qaydasında qaldırılan şikayəti də qismən təmin edib, baş redaktor və qəzetin əməkdaşı cinayət cəzasına, islah işlərinə məhkum edilib.

Hesabatda qeyd olunur ki, aşağı məhkəmə instansiyalarından verilmiş apellyasiya şikayətlərinin beşi təmin olunmayıb. Ölkədaxili müdafiə imkanları tükənən "Azadlıq" qəzeti sabiq icra başçısı Yaqub Əliyevin iddiası əsasında qəzetə qarşı çıxarılan qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Ötən ayın yekununa görə, mediaya qarşı ən ağır tələbləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev irəli sürüb. Hacıyev "Yeni Müsavat" qəzetinin baş redaktor əvəzinin və əməkdaşının həbs olunması, nəşrin üzərinə 20 min AZN ödənc qoyulması tələbilə mülki və xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Hesabatda vurğulanır ki, 2007-ci ilin yanvar ayında mediaya qarşı mülki qaydada cəmi 2 iddia qaldırılıb, 17 məhkəmə iclası keçirilib. 2006-cı ilin ilk ayında isə mülki iddiaların sayı 3 olub, bu iddialarla bağlı cəmi 11 iclas keçirilib. İki ilin uyğun göstəriciləri birlikdə 2008-ci ilin göstəricilərindən aşağıdır.

Hesabatda qeyd olunur ki, jurnalist peşəkarlığının aşağı olması, qəzetlərin maliyyə sıxıntıları içində işləməyə məcbur olması, tənqidçi medianın reklam gəlirlərindən məhrum edilməsi kimi amillər mediaya qarşı qarayaxma, gözdənsalma iddialarının artım tendensiyasına təsir edən amillərdəndir.

Xəbər lenti

Xəbər lenti