...

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib

Cəmiyyət Materials 20 Oktyabr 2010 19:18 (UTC +04:00)
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib.
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, komissiya 2010-cu il 21 oktyabr tarixindən 23 dövlət orqanında inzibati vəzifələrin 6-cı - 9-cu təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir. Mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 378-i müsabiqəyə, 67-si isə müsahibəyə çıxarılır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikası vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;

qanunvericilik sahəsində;

informasiya texnologiyaları sahəsində;

məntiqi düşünmə qabiliyyəti sahəsində.

İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi İnternet-saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından, ən çoxu, iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı, 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından, ən çoxu, iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqə və müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 21 oktyabr 2010-cu il tarixli sayında və 21 oktyabr 2010-cu il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi İnternet-saytında - www.dqmk.gov.azwww.csc.gov.az veriləcəkdir.

Xəbər lenti

Xəbər lenti