Azərbaycan, Bakı, 16 iyun /Trend/
Mahiyyətini şər, böhtan, iftira təşkil edən yazını mətbuat səhifəsinə çıxarmaq jurnalist etikası ilə bir araya sığmır. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev KİV-də onun dissertasiya işi ilə bağlı yayılan materialları şərh edərkən deyib.
"Sözün düzü, mən bu məsələyə münasibət bildirmək istəməzdim. Çünki həmin yazılarda deyilənlər həqiqətdən uzaqdır. Müəllifi bəlli olmayan, anonim məktub əsasında mətbuata çıxarılan cızma-qaraya bundan başqa nə ad vermək olar? Əslində məni təəccübləndirən həmin qəzetlərin redaksiyalarının faktları dəqiqləşdirmədən, qarşı tərəfin fikirlərini öyrənmədən qərəzli informasiyanı mətbuat səhifəsinə çıxarmasıdır. Bu, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının kobud şəkildə pozulması deməkdir", - Abdullayev deyib.
Onun sözlərinə görə, böhtanla məşğul olan həmin qəzetlərin redaksiyalarında bilməli idilər ki, ölkədə dissertasiya işlərinin müdafiəsi müəyyən olunmuş qaydada keçirilir və bu, çoxpilləli prosesdir: ilkin müzakirələr, ekspertlərin və komissiyanın rəyi, seminarlar, sonda isə müdafiə. "Azərbaycan Respublikasında elmi adlar qanunvericiliklə tənzimlənən, mötəbər elmi qurumlar və dövlət orqanlarının, nüfuzlu alimlərin təmsil olunduğu elmi şuralar tərəfindən keçirilən ciddi müzakirələrin və yoxlamaların nəticələri əsasında verilir", - KM sədri bildirib.
"Bu cür müzakirə və yoxlamaların əsas predmetini dissertasiyanın müvafiq elmi dərəcə üçün irəli sürülən tələblərə cavab verib verməməsi, tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti, həmçinin plagiat olub olmaması baxımından təftişi təşkil edir.
Mənim dissertasiya işimdə mövzu ilə bağlı 400-dən çox alimin araşdırmasına müraciət olunub, onların fikir və rəyləri müqayisəli şəkildə təhlil edilib, Azərbaycan və dünya təcrübəsi ilə bağlı konseptual nəticələr əldə edilib. Dissertasiya işi 18 nəfər nüfuzlu alimdən ibarət olan Elmi Şura tərəfindən dinlənilib, müzakirə olunub və müsbət rəy verilib. Hətta bir çox xarici mütəxəssislər və alimlər dissertasiya işinə müsbət münasibət bildiriblər. Göründüyü kimi, qəzetlərində dissertasiya işimlə bağlı qərəzli məlumatlar yayan redaksiyalar təkcə mənim elmi fəaliyyətim deyil, çox nüfuzlu alimlərin rəylərini də şübhə altına alıblar", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, həmin redaksiyalarda ən azı onu da bilməli idilər ki, Konstitusiya Məhkəməsi hakiminin fəaliyyəti, eyni zamanda, elmi-praktiki işdir. "Bu, bütün dünyada belədir. Misal üçün, Rusiya Konstitusiya Məhkəməsi hakimlərinin əksəriyyəti həm də elmi fəaliyyətlə məşğuldur. Hətta bu məhkəmənin hakimi Ebzeyev, eyni zamanda, hakimliklə bərabər xeyli müddət Rusiya Ali Attestasiya komissiyasının sədr müavini olub", - o əlavə edib.
"Onu da deyim ki, adətən anonim məktub, material yazanlar həyatda müvəffəqiyyətsizliyə düçar olan, uğursuz, paxıl, cəmiyyət üçün heç bir fayda verməyən adamlardır. Belələrindən yaxşı heç nə gözləmək olmaz. Həmçinin, anonim məktub əsasında mahiyyətini şər, böhtan, iftira təşkil edən yazı hazırlayıb mətbuat səhifəsinə çıxarmaq da jurnalist etikası ilə bir araya sığmır", - Azərbaycan Konstitusiya Məhkəməsinin sədri bildirib.