...

İyulun 3-də Azərbaycanda ilk qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 1 İyul 2011 12:48 (UTC +04:00)
İyulun 3-də 2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.
İyulun 3-də Azərbaycanda ilk qəbul imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 3-də 2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, imtahanın keçirilməsinə çox az müddət qalmasına baxmayaraq, bəzi abituriyentlər hələ də "İmtahana buraxılış vərəqəsi"ni almayıblar.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıtda keçiriləcək. Orta təhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunacaq.

III qrup üzrə 32 869 abituriyent ərizə verib.

Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verəcəklər. Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verəcəklər. Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verəcəklər.

III ixtisas qrupu üzrə sənəd verənlərin29 529 nəfəri Azərbaycan bölməsinin, 3340 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9270 nəfərini oğlanlar, 23599 nəfərini isə qızlar təşkil edir.

17 538 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

13 158 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

1975 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 23 326 abituriyent, Naxçıvanda 1991 abituriyent, Gəncədə 3791, Sumqayıtda isə 3761 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

Xəbər lenti

Xəbər lenti