...

Luka Volonte: Dinlərarası münasibətə görə Azərbaycan çox yaxşı nümunə ola bilər

Cəmiyyət Materials 21 İyul 2011 13:30 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının nümayəndələri Azərbaycanda digər dinlərə olan münasibətdən razılıqlarını bildiriblər.
Luka Volonte: Dinlərarası münasibətə görə Azərbaycan çox yaxşı nümunə ola bilər

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Avropa Şurası Parlament Assambleyasının nümayəndələri Azərbaycanda digər dinlərə olan münasibətdən razılıqlarını bildiriblər.

"Dinlərarası münasibətə görə Azərbaycan bizim öyrənməyimiz üçün çox yaxşı nümunə ola bilər. Azərbaycanda bu mühit instisional təsisat deyil. Bu, siyasi qərar olaraq da verilməyib. Bu, Azərbaycan xalqının daxili təzahürüdür", - Trend-in məlumatına görə, Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının sədri Luka Volonte Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən "dəyirmi masada" bildirib.

Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov deyib ki, Azərbaycanda uzun illərdir yəhudilərin yaşamalarına baxmayaraq, onlara qarşı heç vaxt antisemitizm münasibəti olmayıb.

"Biz heç vaxt antisemitizm hiss etməmişik. Bizə deməyiblər ki, sən yəhudisən, parlamentdə və digər dövlət qurumunda təmsil olunma. Şadam ki, Azərbaycanda yaşayıram və buradakı şəraitdən çox razıyam. Dövlət başçısı həmişə yəhudilərə diqqət və qayğı göstərib. Bakıda sinaqoq tikilməsi bunun nəticəsidir", - İxiilov əlavə edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avronest PA-nın sədr müavini Elxan Süleymanov çıxışında deyib ki, avropalı qonaqlar Bakıdakı erməni kilsəsində olublar.

"Bakıda erməni kilsəsi necə tikilibsə, elə də saxlanılır. Bu, Azərbaycanda tolerantlığın nümunəsidir. Təəssüflər olsun ki, bunun əksi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistanda ermənilər Azərbaycana məxsus tarixi, dini abidələrini dağıdır", - Süleymanov deyib.

Hazırda ölkədə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma rəsmi fəaliyyət göstərir ki, sonunculardan 23-ü xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə Krişna şüurunu təmsil edir.

Azərbaycanda ümumilikdə 11 kilsə (Bakıda 3 pravoslav, 1 katolik, Gəncədə və Xaçmazda 1 pravoslav, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürcü-pravoslav kilsəsi) və 6 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 2) fəaliyyət göstərir. Ölkədə xristianlığın müxtəlif təriqətlərinə mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var.

Xəbər lenti

Xəbər lenti