Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, məhkəmə baxışı Səmədovun müdafiəçisi Anar Qasımovun təqsirləndirilən şəxs Mövsüm Səmədovun həbsdə saxlama müddətinin başa çatması ilə əlaqədar onun həbsdən azad edilməsi barədə vəsatəti ilə başlanılıb.
Məhkəmə Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə baxışı müddətində təqsirləndirilən şəxs barədə həbsdə saxlama müddətinin müəyyən edilmədiyini bildirərək vəsatəti əsassız və qanunsuz hesab edərək onu rədd edib.
Daha sonra təqsirləndirilən şəxs Mövsüm Səmədov məhkəmədə ifadə verib. Dövlət ittihamçısı tərəfindən verilən suallara Səmədov ziddiyyətli cavablar verib və bununla əlaqədar növbəti suallar verilərkən o, hüşunu itirib.
Bununla bağlı fasilə elan edilib və fasilədən sonra məhkəmə iclası davam etdirilib. Dövlət ittihamçısı tərəfindən Səmədova verilən suallardan narazı qalan məhkəmə iclas zalında əyləşən onun tərəfdaşlarından biri ayağa qalxaraq "onsuz da bu hakimiyyəti yıxacağıq" ifadəsi işlədərək Səmədovun müdafiəsinə qalxıb, lakin məhkəmə nəzarətçiləri tərəfindən dərhal zaldan çıxarılıb.
Məhkəmə prosesi davam etdirilir.
Mövsüm Səmədov məhkəmədə ziddiyyətli ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dövlət qeydiyyatına alınmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
