...

Azərbaycana gələn turistlərə xüsusi tarif qiymətlərinin tətbiqi üçün təkliflər hazırlanıb

Cəmiyyət Materials 26 Sentyabr 2011 15:38 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycana gələn turistlərə hava nəqliyyatından istifadə zamanı güzəştlərin edilməsi və onlara xüsusi tarif qiymətlərinin tətbiqi məqsədilə təkliflər hazırlayıb.
Azərbaycana gələn turistlərə xüsusi tarif qiymətlərinin tətbiqi üçün təkliflər hazırlanıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycana gələn turistlərə hava nəqliyyatından istifadə zamanı güzəştlərin edilməsi və onlara xüsusi tarif qiymətlərinin tətbiqi məqsədilə təkliflər hazırlayıb. Bunu bazar ertəsi Trend-ə nazirliyin Aparat rəhbəri Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda hava nəqliyyatının qiymətləri yüksəkdir. Mədəniyyət və Turizm Nazirliyi turistlər üçün bu tariflərin endirilməsi təklifi ilə müvafiq dövlət orqanlarına müraciət edib.

Nazirlik səlahiyyətlisinin sözlərinə görə, Azərbaycana gələn turistlər daha çox hava nəqliyyatından istifadə edirlər. Qonşu ölkələrdən turistlər Azərbaycana avtomobil nəqliyyatından istifadə etməklə gəlirlər.

Qurbanov hesab edir ki, turizmi inkişaf etdirmək üçün dövlət tərəfindən müəyyən güzəştlər edilməlidir. Bu güzəştlər həm turizm sahəsinə investisiyaların cəlbinə, həm də ölkəyə gələn turistlərin sayının çoxalmasına imkan verər. Qurbanov dünya təcrübəsində bu üsuldan istifadə olunduğunu da xatırladıb.

"Biz rəqabət qabiliyyətli turizm sektoru yaratmalıyıq. Rəqabət qabiliyyətli turizm sektoru yaratmaq üçün isə qiymətlərdə müəyyən dəyişiklər olmalıdır. Bu, sonda ölkəyə xaricdən turistlərin daha çox cəlb edilməsinə imkan verəcək", - o əlavə edib.

Aparat rəhbəri qeyd edib ki, təqdim etdikləri təkliflərdə Azərbaycanın dəmiryol nəqliyyatının müasir dünya standartlarına cavab verməsi üçün onun infrastrukturunda müəyyən müsbət dəyişiklərin edilməsi məsələsi də öz əksini tapıb.

Qurbanov bu təkliflərin hazırda müvafiq qurumlar tərəfindən araşdırıldığını söyləyib.

Xəbər lenti

Xəbər lenti