...

Bakının mərkəzində baş vermiş ağır yol qəzasının iştirakçısı olan avtobus sürücüsü işdən çıxarılıb

Cəmiyyət Materials 20 Oktyabr 2011 14:29 (UTC +04:00)
Bakıda bir neçə gün öncə Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində baş vermiş ağır yol qəzasının iştirakçısı olan avtobus sürücüsü işdən çıxarılıb.
Bakının mərkəzində baş vermiş ağır yol qəzasının iştirakçısı olan avtobus sürücüsü işdən çıxarılıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir neçə gün öncə Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində baş vermiş ağır yol qəzasının iştirakçısı olan avtobus sürücüsü işdən çıxarılıb.

Nəqliyyat Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, "Daewoo" markalı 10-TC-324 dövlət qeydiyyat nişanlı, 202 saylı şəhərdaxili marşrutun sürücüsü, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov İsmayıl Yaqub oğlu marşrut sahibi tərəfindən işdən azad olunub.

Nazirlikdən bildirilib ki, son günlər avtobuslarla bağlı qeydə alınan yol qəzaları avtobus sürücülərinin deyil, digər avtomobil sürücülərinin təqsiri üzündən baş verib.

Oktyabrın 17-də səhər saat 7:30-da Nəsimi rayonu ərazisində, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində VAZ 2107 markalı avtomobillə 202 saylı sərnişin avtobusu toqquşub.

Hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü Ramin Vəliyev (1978-ci il təvəllüdlü), sərnişinlər Aysel Məmmədova, Türkiyə vətəndaşları - Bürhan Bərat Çəlik Abdulla (1987) və Əlihan Sarıtürk Şərəf oğlu (1990) həlak olublar.

Qəzada Türkiyə vətəndaşları, 1991-ci il təvəllüdlü Ərdam Əlidolu Şehmuz, 1984-cü il təvəllüdlü Əziz Türk xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, hadisəyə VAZ 2107 markalı avtomobilin işıqforun qırmızı işığında keçməsi səbəb olub.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti