...

Ümumdünya Turizm Təşkilatı 2012-ci il üçün proqnozu açıqlayıb

Cəmiyyət Materials 16 Noyabr 2011 12:06 (UTC +04:00)
Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai 2012-ci il üçün proqnozu açıqlayıb.
Ümumdünya Turizm Təşkilatı 2012-ci il üçün proqnozu açıqlayıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai 2012-ci il üçün proqnozu açıqlayıb.

Trend-in məlumatına görə, Rifai cərşənbə günü jurnalistlərə bildirib ki, 2012-ci ildə turizm sahəsində 3-4 faiz yüksəliş gözlənilir.

Baş katib qeyd edib ki, turizm sahəsi digər sahələrin inkişafından asılıdır və oradakı tendensiyalar turizm sektoruna öz təsirini göstərir. Turizm sahəsinin inkişafı eyni zamanda, başqa sahələrə - nəqliyyat, kənd təsərrüfatı və digərlərinə öz müsbət təsirini göstərə bilər.

Rifai hesab edir ki, hazırda dünya üzrə, eləcə də Avropada iqtisadi vəziyyət çox mükəmməldir.

"İqtisadiyyatın bir sahəsi kimi turizm də böhrandan müəyyən əziyyətlər çəkir. Amma ötən böhran göstərdi ki, turizm, digər sahələrdən fərqli olaraq, bundan daha az əziyyət çəkdi. 2010-2011-ci illərdə digər iqtisadi sahələrdə problemlərin mövcudluğuna baxmayaraq, turizm sahəsi inkişaf etdi. 2010-cu ildə turizm sahəsinin inkişafı 7 faiz olubsa, 2011-ci ildə həmin rəqəm 4,5 faiz təşkil edib. Məhz iqtisadi problemi olan ölkələrdə - Yunanıstanda, İspaniyada turizm sahəsində 7-10 faiz yüksəliş qeydə alınıb", - baş katib qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda turizm son 5-6 ildə sürətlə inkişaf edib. "Turizmin inkişafı baxımından Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. 2011-ci ildə Azərbaycanın turizm sahəsinin inkişafı 15 faizə çatıb. Ölkədə bir neçə böyük layihənin həyata keçirilməsi turizm sahəsinə diqqətin göstəricisidir", - Rifai deyib.

Xəbər lenti

Xəbər lenti