Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ənvər Qasımovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan memarlığının problemləri" adlı elmi-praktik konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova Ənvər Qasımovu dövrünün bütün gənc memarlarının atası adlandırıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxışında Ənvər Qasımov kimi şəxslərin şəcərəsindən bəhs edən kitabların yazılıb müasir oxucuya təqdim olunmasının milli mənəviyyatımızın qorunub, nəsildən-nəsilə ötürülməsində vacib rol oynayacağını bildirib.
AZMİU-nun ictimai fənlər kafedrasının müdiri, professor Mikayılov Nurqələm Ənvər Qasımovun layihələri əsasında Bakı, Gəncə, Daşkəsən, Xankəndində onlarca yaşayış evi və ictimai binaların ucaldıldığını diqqətə çatdırıb. Bunlardan Bakının Azərbaycan prospektindəki (keçmiş Hüsü Hacıyev küçəsi), İnşaatçılar prospektindəki, keçmiş "Şimali sovet" meydanındakı, Ağa Neymətulla küçəsindəki evləri, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibati binalarını, metronun "Ulduz" stansiyası və başqalarını misal çəkib.
Konfransda 3 nəfər gənc, 8 nəfər isə artıq fəaliyyətdə olan memara MDB ölkələrinin Memarlar İttifaqı Assosiasiyası tərəfindən diplomlar təqdim olunub. Diplomlar Minskdə ötən ilin noyabrında ilin yekunlarına dair keçirilən müsabiqəyə təqdim olunan işlərə görə verilib.
Sonda "Ənvər bəy Qasımzadə - ata, memar, vətəndaş" filminin nümayişi keçirilib.