...

Məhkumlar arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2012 14:14 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində idman və kompüter zallarının açılışı olub və məhkumlar arasında idman yarışları keçirilib.
Məhkumlar arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində idman və kompüter zallarının açılışı olub və məhkumlar arasında idman yarışları keçirilib.

Tədbirdə Penitensiar Xidmətin rəhbərliyi iştirak edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov ümummilli liderin həyat yolu barədə məhkumlara geniş məlumat verib.

Rəis müavini son illər Azərbaycanda penitensiar sistemdə həyata keçirilən islahatlar, məhkumların saxlanma şəraiti, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlər barədə danışıb.

Əlixanov deyib ki, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin iştirakı ilə cəzaçəkmə müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Sonra müəssisədə kompüter zalının açılışı olub. Məlumat verilib ki, məhkumlara kompüter biliklərinin öyrədilməsi məqsədilə kurslar təşkil olunub. Kurslarda mərhələlərlə 30 məhkuma kompüter bilikləri öyrədiləcək və yekunda onlara sertifikatlar təqdim olunacaq.

Həmin gün müəssisədə məhkumlar üçün idman zalı da istifadəyə verilib. İdman zalı lazımi idman avadanlıqları ilə təmin olunub. Bildirilib ki, həmin müəssisədə cəza çəkən güləş üzrə dünya çempionu Yasəf Mehdiyev məhkumlara müxtəlif idman növləri üzrə dərslər keçir.

Sonra müəssisənin məhkumları arasında şahmat, voleybol və mini futbol yarışları keçirilib. Yarışların qaliblərinə Penitensiar Xidmət tərəfindən hədiyyələr təqdim olunub.

Müəssisədə məhkumlar üçün yeni təmirdən çıxmış klub, kitabxana, məscid fəaliyyət göstərir.

Müəssisənin kitabxanası Azərbaycan və dünya ədəbiyyatının klassiklərinin kitabları, hüquqi ədəbiyyat və 15 adda qəzet və jurnalla təmin olunub.

Bildilib ki, məhkumların əksəriyyəti kitabxananın üzvüdür. Məhkumlar kitabxananın dünya və Azərbaycan ədəbiyyatı ilə daha da zənginləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Müəssisə rəhbərliyi bildirib ki, orada cəza çəkən iki Çin vətəndaşı İslam dinini qəbul etmək istəyir və bu barədə onlara müraciət edib. Onların müraciətinin müsbət təmin olunması üçün müvafiq tədbir görüləcək.

Xidmət rəhbərliyi məhkumların saxlanma şəraiti ilə tanış olub, onların qısa və uzunmüddətli görüş otaqları, yeməkxana, telefon danışığı otaqlarına baxış keçirib. Məhkumların saxlanma şəraitinin daha da yaxşılaşdırılması məqsədilə əlavə tapşırıqlar verilib.

Həmin gün müəssisədə məhkumların özfəaliyyət ansamblının iştirakı ilə bayram konserti keçirilib. Məhkumlara bayram süfrəsi açılıb.

7 saylı ciddi rejimili cəzaçəkmə müəssisəsində 800-dək məhkum cəza çəkir.

Xəbər lenti

Xəbər lenti