...

Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün proqram və ixtisaslaşma seçimi başlayır

Cəmiyyət Materials 1 İyun 2012 13:12 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçiminə başlayır.
Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün proqram və ixtisaslaşma seçimi başlayır

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçiminə başlayır.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ali təhsil müəssisələrinin magistraturalarına martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.

Bunun üçün bakalavrlar iyunun 4-dən 12-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Həmin proqramların siyahısı "Magistr" jurnalının 2012-ci il 3-cü sayında dərc olunub.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti