...

İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq

Cəmiyyət Materials 6 İyun 2012 15:38 (UTC +04:00)
İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin çərşənbə günü keçirilən iclasında "İctimai televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər müzakirə olunub.

Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, İTV yaradılanda dövlət büdcəsindən ayırmaların müəyyən müddətdən sonra dayandırılması və şirkətin kommersiya fəaliyyəti ilə, abonent haqları ilə gəlir əldə etməsi düşünülmüşdü.

"Artıq ictimai yayım xidmətlərinin maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar da daxil edilir", - o deyib.

"İctimai televiziya və radio yayımı haqqında" qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilir.

Komitə sədrinin müavini Rəfael Hüseynov gələcəkdə İTV-nin abunəçiləri hesabına gəlir əldə edəcəyinə inandığını bildirərək hazırda bunun mümkün olmadığını vurğulayıb.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti