...

Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik - Rumen Radev

Siyasət Materials 8 May 2024 13:00 (UTC +04:00)
Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik - Rumen Radev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev deyib.

"Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq. Cənab Prezident Əliyev qeyd etdiyi kimi, bu, bizim son dövrdə dördüncü görüşümüzdür. Bu, təkcə vacib bir göstərici deyil, bizim ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır ki, təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Mən icazənizlə bir neçə nailiyyətimizi sadalamaq istərdim. Birincisi, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bizim qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə də Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu, əlbəttə, Avropa Komissiyasının siyasətinə uyğun idi ki, enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi təmin edilsin. Çünki müvafiq Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq Sazişi imzalanmışdır. Bundan sonra cənab Prezident bir daha Bolqarıstana səfər etdi və orada bizim təşəbbüsümüzlə “Həmrəylik Halqası” layihəsi ilə bağlı memorandum imzaladıq ki, burada səylərimizi birləşdirəcəyik və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanları səfərbər edilsin ki, Azərbaycandan əlavə qaz həcmləri bizim istiqamətdə daxil ola bilsin. Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz, eyni zamanda, Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik.

Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı məhdudlaşdıran bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgüzar dairələr arasında əlaqələrimiz var. Hətta bələdiyyələr səviyyəsində də təmaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirək. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, təbii bir haldır ki, bu gün biz çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarşılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, əla səviyyədə olan əlaqələri daha da yüksək səviyyəyə qaldırsınlar. Bundan əlavə, bir neçə sazişin imzalanmasının şahidi olduq. Ancaq təkcə bu auditoriyada deyil, digər tədbirdə - biznes forumda da müvafiq sazişlər imzalanır.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.

Prezident Əliyevin təşəbbüsü ilə biz tariflərin uyğunlaşdırılması və gömrük inzibatçılığı məsələlərində də sadələşdirmə prosesləri ilə məşğul oluruq ki, biz həmin məsələləri həll edə bilək. Gördüyünüz kimi, burada AZAL və Bolqarıstan hava yolları arasında saziş imzalandı. Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik. Eyni zamanda, biz “Asarel Investment” və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də görüləcək işlərimiz çoxdur", - Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

Xəbər lenti

Xəbər lenti