...

Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında çıxış edib

Siyasət Materials 8 May 2024 14:06 (UTC +04:00)
Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında çıxış edib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edir. Dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbir çərçivəsində digər cari məsələlərlə yanaşı, prioritet mövzu olaraq iqlim dəyişikliyi və insan hüquqları barədə müzakirələr aparılıb.

Trend xəbər verir ki, Azərbaycan Ombudsmanı iclasda çıxış edərək, sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi sahəsində milli insan hüquqları təsisatlarının vacib rol oynadığını bildirib. Çıxışı zamanı Müvəkkil BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında iqlim dəyişikliyinə qarşı mübarizənin mühüm bir istiqamət olduğunu qeyd edərək, bu prosesdə milli insan hüquqları təsisatlarının iştirakının əhəmiyyətinə toxunub.

S.Əliyeva bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçiriləcəyini bildirərək, Ombudsman Aparatının da aidiyyəti sahədə tədbirlər planlaşdırdığını qeyd edib.

Çıxış zamanı iqlim dəyişikliyinin insan hüquqlarına mümkün təsirləri ilə bağlı məlumatlılığın artırılması istiqamətində maarifləndirici tədbirlərin təşkil olunacağı və Ombudsman təsisatının beynəlxalq meyarlara uyğun olaraq bu sahədə həyata keçirdiyi fəaliyyəti diqqətə çatdırılıb.

Daha sonra milli insan hüquqları təsisatları tərəfindən 2023-cü ildə qəbul edilmiş Kiyev-Kopenhagen Bəyannaməsinin icrası istiqamətində Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsində görülmüş işlər barədə təcrübə mübadiləsi aparılıb.

Müvəkkil MPM mandatı çərçivəsində görülmüş işlər, bu sahədə əldə olunmuş müsbət təcrübələr, əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə keçirilən başçəkmələr, eləcə də işgəncə və digər pis rəftarın qarşısının alınması mövzusunda təşkil edilən maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir zamanı tematik sessiyada Ombudsman tərəfindən ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı məsələ qaldırılıb, otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırılmış minaların keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına maneə yaratdığı, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyi diqqətə çatdırılıb. Müvəkkil beynəlxalq qurumları bu problemin aradan qaldırılması istiqamətində fəal olmağa və ölkəmizə dəstək göstərməyə çağırıb.

Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin ilə görüş keçirib. Görüş zamanı COP29 çərçivəsində milli insan hüquqları təsisatlarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti